Zakir Nuriyev: "Ani Ödənişlər Sisteminin imkanlarından daha effektiv istifadə edilməlidir"

Maliyyə
  • 19 noyabr, 2025
  • 10:31
Zakir Nuriyev: Ani Ödənişlər Sisteminin imkanlarından daha effektiv istifadə edilməlidir

Azərbaycanda rəqəmsal ödəniş ekosisteminin mərkəzi komponentlərindən olan Ani Ödənişlər Sisteminin funksional imkanlarından daha effektiv formada istifadə edilməlidir.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev rəhbərlik etdiyi qurumun "Mastercard" beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.

"Belə ki, digər ödəniş sistemlərinin dövriyyəsinin cəlb edilməsi, alternativ ödəniş aləti olaraq QR-kodun tətbiqi ilə yanaşı daha innovativ ödəniş alətlərinin və texnologiyalarının tətbiqi təmin edilməli, NFC texnologiyasından istifadə edilməsi diqqətdə saxlanılmalıdır", - deyə o qeyd edib.

Bundan başqa, Z.Nuriyev deyib ki, diqqəti çəkən digər bir məqam isə card-to-card tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə müəyyən ediləcək yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyasının qorunub saxlanılmasıdır: "İnkişaf tendensiyasının davamlı olması üçün iqtisadiyyatda nağd hesablaşma dövriyyəsi və ya məhdud çərçivədə tətbiq edilən hesablaşmalar nağdsız dövriyyəyə cəlb edilməlidir. Bu istiqamətdə son günlər ərzində ictimai nəqliyyatda ödəniş kartları və tokenizasiya xidmətinin tətbiqi ilə rəqəmsal ödənişlərin aparılması imkanının yaradılmasını yüksək qiymətləndiririk".

"Hesab edirik ki, islahatların davamı olaraq "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunda müvafiq dəyişiklik edilərək qapalı şəbəkədə aparılan əməliyyat dövriyyəsi məhdudlaşdırılmalıdır. Bu tip şəbəkədə aparılan əməliyyat dövriyyəsi müəyyən məbləğlə məhdudlaşdırılmalı, lisenziya tələbi tətbiq edilərək əməliyyatların nağdsız ödəniş dövriyyəsinə cəlb edilməsi təmin edilməlidir. Rəqəmsal ödəniş ekosistemi sahəsində regional səviyyədə inkişafın təmin edilməsi məqsədilə qonşu ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla "sandbox" rejiminin qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilməlidir. Hesab edirik ki, bu yanaşma region ölkələri arasında inteqrasiya əlaqələrinin daha da dərinləşməsinə imkan verəcəkdir. Bu sahədə uğurlu nümunə olaraq Sinqapur və Malayziya arasında olan təcrübə təhlil edilə bilər", - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, banklar aparılan bu islahatlardan birbaşa faydalanan olmaqla yanaşı, proseslərin də davamlı dəstəkçisidir: "Belə ki, ABA və üzv təşkilatlar bu il region olaraq Qarabağdan Naxçıvana, istiqamət olaraq təchizat zəncirinin maliyyələşdirilməsindən fraud hallarının qarşısının alınmasına, sindikat kreditləşməsindən dövlət qurumlarının məlumat bazalarına inteqrasiyaya qədər 50-dən çox tədbirin yer aldığı 10-a yaxın dövlət proqramı, fəaliyyət planına və layihəyə aktiv şəkildə töhfə verməyə çalışıb. Azərbaycan Mərkəzi Bankı (AMB) və maliyyə assosiasiyalarının birgə işçi qrupu çərçivəsində bank sektoru icra üçün bir çox tədbir müəyyən edib və indiyə qədər siyahı üzrə 58 tədbirin icrasını yekunlaşdırıb, bir çoxunun icrası da davam etməkdədir. Bunlardan biri də AMB, Elm və Təhsil Nazirliyi, ABA, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilati dəstəyi ilə təşkil edilən "Maliyyə Savadlılığı Viktorinası"dır. Fürsətdən istifadə edərək, 13–15 yaşlı məktəblilər arasında keçirilməkdə olan bu viktorinaya övladlarınızı və yaxınlarınızı dəvət edir və bütün iştirakçılara uğur arzu edirəm".

Son xəbərlər

Bütün Xəbər Lenti