Yunus Abdulov: "Azərbaycan bankları İslam bankçılığı üçün hazırdır"

Maliyyə
  • 23 oktyabr, 2025
  • 11:37
Yunus Abdulov: Azərbaycan bankları İslam bankçılığı üçün hazırdır
Yunus Abdulov

Azərbaycan bankları İslam bankçılığı üçün hazırdır, bunun üçün institusional çərçivə tamamlanmalıdır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin icraçı direktoru Yunus Abdulov Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.

Onun sözlərinə görə, bu ilin I yarısında keçirilmiş sorğu bankların İslam maliyyəsinə marağının yalnız nəzəri deyil, həm də praktiki xarakter daşıdığını göstərib: "Artıq həmin dövrdə bəzi banklar şəriətə uyğun maliyyələşmə həlləri üzərində işləyirdi və maraq konkret məhsul ailələrinə fokuslanmışdı. Əsas mesaj odur ki, bankların marağı sabitdir, müştəri seqmentləri aydındır və ilk tətbiq dalğası üçün lazımi bilik bazası mövcuddur. Başqa sözlə, bazar hazırdır – indi ona uyğun institusional çərçivəni tamamlamaq lazımdır".

Y. Abdulov qeyd edib ki, bu mərhələdə ən mühüm transformasiya institusionallaşma istiqamətində baş verir: "Burada xüsusi olaraq Azərbaycan Mərkəzi Bankının "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nı xatırlatmaq istəyirəm. Strategiya maliyyə alətlərinin dərinləşdirilməsini və şaxələndirilməsini hədəf kimi müəyyən edir. Bu çərçivədə alternativ maliyyələşmə istiqamətlərinin – o cümlədən İslam bankçılığı və rəqəmsal kreditləşmənin – araşdırılması və hüquqi-normativ bazanın uyğunlaşdırılması nəzərdə tutulur. Artıq bankların İslam maliyyəsi məhsullarını "sandbox" rejimində sınaqdan keçirməsinə imkan yaradılıb".

Son xəbərlər

Bütün Xəbər Lenti