Yapon şirkəti ilə çirkli pulların yuyulması ilə mübarizədə süni intellektin tətbiqi müzakirə edilib

Maliyyə
  • 10 aprel, 2026
  • 11:11
Yapon şirkəti ilə çirkli pulların yuyulması ilə mübarizədə süni intellektin tətbiqi müzakirə edilib

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nümayəndə heyəti Yaponiyanın çirkli pulların yuyulmasının qarşısının alınması üzrə ixtisaslaşmış "Cooperation Agency for Anti-Money Laundering" (CAML) şirkəti ilə görüş keçirib.

"Report" bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, görüşdə CAML-in Biznes və Sistemlər Departamentinin rəhbəri Takeru Imazu "CAML haqqında ümumi məlumat" (Overview of CAML) və "Süni intellekt əsaslı qiymətləndirmə xidməti" (Overview of AI Scoring Service) mövzularında təqdimatlar edib.

Təqdimat zamanı şirkətin fəaliyyət istiqamətləri, xüsusilə Biznesin İnkişafına Dəstək Xidməti ("Business Development Support Service") və Süni İntellektlə Qiymətləndirmə Xidməti ("AI Scoring Service") barədə ətraflı məlumat verilib. Bununla yanaşı, xəbərdarlıqların (alerts) süni intellekt vasitəsilə qiymətləndirilməsi, şübhəli əməliyyatlar üzrə hesabatların ("Suspicious Transaction Reports" – STR) Yaponiyadakı "Financial Services Agency"yə (FSA)təqdim olunmasına dəstək mexanizmləri diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin çirkli pulların yuyulmasının qarşısının alınması (AML) sahəsində əməliyyat səmərəliliyinin artırılması, monitorinq sistemlərinin təkmilləşdirilməsi və innovativ texnoloji həllərin tətbiqi istiqamətində CAML-in yanaşmaları müzakirə olunub.

Tərəflər AML sahəsində beynəlxalq təcrübə mübadiləsinin və potensial əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.