"Xalq Bank" 5 milyon manatlıq istiqraz buraxır
- 24 dekabr, 2025
- 17:07
"Xalq Bank" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 5 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" BFB-yə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Bu gündən qiymətli kağızlara abunə yazılışı başlayıb, dekabrın 26-da proses başa çatacaq. Dekabrın 29-da isə qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 9 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "Foton" MMC-yə məxsusdur.