Xalid Xalafalla: ICIEC Azərbaycanda əməliyyatlarını genişləndirmək niyyətindədir
- 19 iyun, 2026
- 16:17
Yeniliklərdən dərhal xəbərdar olun!
İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) 2025-ci ildə İslam İnkişaf Bankına (IsDB) üzv ölkələrdə ticarət və investisiya əməliyyatlarına 17,7 milyard dollar məbləğində sığorta təminatı verib və Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu ICIEC-in baş icraçı direktoru və Özəl Sektorunun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş icraçı direktoru əvəzi Xalid Xalafalla Bakıda IsDB Qrupunun 51-ci illik toplantısı çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, korporasiyanın fəaliyyəti 2025-ci ildə 6 mindən çox kiçik və orta biznesə dəstək göstərməyə imkan verib və 290 mindən çox iş yerinin yaradılmasına töhfə verib.
X.Xalafalla qeyd edib ki, Azərbaycanın 2023-cü ildə ICIEC-ə qoşulduğu vaxtdan bəri korporasiya ölkədə 165 milyon dollardan çox məbləğdə əməliyyatların sığortalanmasını dəstəkləyib.
Onun sözlərinə görə, əməliyyatların əsas hissəsi ticarət sektorunun payına düşüb, lakin korporasiya Azərbaycanın telekommunikasiya sahəsinə birbaşa xarici investisiyaların cəlb edilməsi layihələrində də iştirak edib.
X.Xalafalla əlavə edib ki, ICIEC IsDB Qrupunun digər strukturları və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və Mərkəzi Asiya ölkələrində fəaliyyətini genişləndirmək niyyətindədir.