Vüsal Xəlilov: "Maliyyə sektorunda iki çağırış mövcuddur"
- 09 iyun, 2026
- 09:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün maliyyə sektorunun əsas çağırışları artan xərclər və dələduzluqdur.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov bildirib.
"Xərclər kontekstində həm rəqəmsallaşma ilə bağlı yaranan xərcləri, həm də nağdsız ödənişlər sektorundakı xərcləri qeyd edə bilərik. Bu xərcləri daha çox banklar, ödəniş təşkilatları və təsərrüfat subyektləri hiss edirlər. Dələduzluqla bağlı təhdidlər isə, təəssüf ki, hər bir vətəndaşı birbaşa narahat edir", - deyə o qeyd edib.
AMB rəsmisi əlavə edib ki, bu çağırışların aradan qaldırılması istiqamətində AMB bazar iştirakçıları ilə birlikdə ciddi addımlar atır: "İlk növbədə, xərclərin optimallaşdırılması məqsədilə beynəlxalq kart təşkilatları ilə intensiv müzakirələr aparılır. Məqsəd həm ekvayer, həm də işuer tərəfdən təsərrüfat subyektləri üçün daha optimallaşdırılmış tarif siyasətinin formalaşdırılmasıdır. Bu istiqamətdə martin 18-də İdarə Heyətinin qərarı ilə interçeync komissiyalarının yuxarı həddi 0,25 faiz bəndi azaldılıb. Qərar bu aydan qüvvəyə minib və bunun təsərrüfat subyektlərinin xərclərinin azalmasına müsbət təsir göstərəcəyi gözlənilir".