Vüsal Qasımlı: "TDT-nin bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb"

Maliyyə
  • 09 iyun, 2026
  • 10:02
Vüsal Qasımlı: TDT-nin bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb

Türk Dövlətləri Təşkilatında (TDT) bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, hazırda TDT ölkələrinin ümumi daxili məhsulunun (ÜDM) illik dəyəri 2,1 trilyon ABŞ dollarını ötür ki, bu da dünya iqtisadiyyatının təxminən 3 %-ni təşkil edir: Ötən il təşkilata üzv ölkələr üzrə orta iqtisadi artım tempi 6 %-dən yüksək olub. Ən yüksək artım Qırğızıstanda qeydə alınıb və bu göstərici 11 %-i ötüb. Özbəkistanda iqtisadi artım 7 %-dən, Qazaxıstanda isə 5 %-dən çox olub. TDT ölkələrinin bank aktivləri dünya bank aktivlərinin cəmi 0,8 %-ni təşkil edir. Bank aktivlərinin ÜDM-ə nisbətinə baxdıqda görürük ki, TDT-nin dünya iqtisadiyyatındakı payı, təşkilat ölkələrinin bank aktivlərinin dünya bank sistemindəki payından təxminən dörd dəfə çoxdur. Bu isə maliyyə-bank sektorunda böyük inkişaf potensialının mövcud olduğunu göstərir".

V.Qasımlı əlavə edib i, ötən il TDT ölkələri üzrə ümumi yığım 670 milyard ABŞ dollarına çatıb: "Bu göstərici dünya üzrə ümumi yığımın 2,3 %-nə bərabərdir. Yığımla bank aktivləri arasında olan fərq maliyyə resurslarının bank sektoruna cəlb olunması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi üçün əlavə imkanların mövcudluğunu göstərir. Bu baxımdan, TDT-də maliyyə bazarlarının inkişafı və bank sektorunun genişlənməsi üçün əhəmiyyətli potensial formalaşıb".