Vüqar İbrahimov: "Tikinti normalarına əməl edilməməsi ehtimal edilən dəyəri artırıb"
- 25 dekabr, 2025
- 17:52
2024–2025-ci illərdə Azərbaycanda aparılan audit tədbirləri zamanı dövlət investisiyalarının icrası ilə bağlı bir sıra xarakterik nöqsanlar aşkarlanıb.
Bunu "Report"a müsahibəsində Hesablama Palatasının auditoru Vüqar İbrahimov bildirib.
O qeyd edib ki, dövlət investisiyalarının istifadəsi üzrə 11 sifarişçi təşkilatda 35 layihə auditlə əhatə olunub, digər auditlər isə hər biri üzrə 1 layihəni əhatə edib: "Bu tədbirlərin keçirilməsi zamanı bir sıra nöqsan və çatışmazlıqlar müəyyən edilib. Dövlət satınalmalarını tənzimləyən hüquqi sənədlərin tələblərinin pozulması, o cümlədən komissiyanın fəaliyyəti və prosedur pozuntuları 37 halda qeydə alınıb".
V.İbrahimovun sözlərinə görə, smeta sənədlərinin tərtibi prosesində tikinti normalarına əməl edilməməsi nəticəsində ehtimal olunan dəyərin artması 24 halda müəyyən edilib: "Smetada nəzərdə tutulan bəzi işlərin dəyərinin müqavilədə digər işlərin dəyərinə əlavə edilməsi ilə işlərin dəyərinin artırılması 18 halda, "yerinə yetirilmiş işlərin qəbul aktları"nda işlərin həcm və dəyərinin artırılması isə 14 halda aşkar olunub".
Palata rəsmisi əlavə edib ki, layihədən artıq həcmlərin smetaya daxil edilməsi hesabına işlərin həcm və dəyərinin artırılması 13 halda qeydə alınıb: "Auditlər zamanı müqavilə öhdəliklərinin vaxtında icra edilməməsinə görə cərimələrin tətbiq edilməməsi 12 halda, dövlət vəsaitindən qənaətlə istifadə olunmaması və bəzi işlər üzrə əlavə xərclərin yaradılması da 12 halda müəyyən edilib".
Onun sözlərinə görə, satınalma prosedurları tətbiq edilmədən əhəmiyyətli məbləğdə vəsaitin xərclənməsi 11 halda, hesabatlar arasında isə əhəmiyyətli fərqlər 10 halda aşkarlanıb.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.