Vüqar Gülməmmədov: "Qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydaları təkmilləşdirilməlidir"
- 04 noyabr, 2025
 - 13:33
 
                            
                            
                        Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydaları təkmilləşdirilməlidir.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, qeyri-neft gəlirlərinin proqnozlaşdırılmış məbləği büdcə qaydasının müvafiq göstəricilərinin hesablanmasında, həmçinin büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təminatının müəyyən edilməsində istifadə olunur: "Müsbət haldır ki, ilk dəfə olaraq, İzahat sənədində cari xərclərin qeyri-neft-qaz gəlirləri ilə təminatı üzrə ortamüddətli proqnozlar təqdim edilib. Bununla belə, hesab edirik ki, qeyri-neft gəlirlərinin hesablanması zamanı beynəlxalq təcrübədə tətbiq edilən metodoloji tələblər nəzərə alınmalı, "Büdcə sistemi haqqında" qanunda da bu istiqamətdə dəqiqləşdirmələr aparılmalıdır".