Vüqar Gülməmmədov: "Dövlət proqramı üzrə xərclər hər icraçı qurumun xərclərində ayrıca qeyd edilmir"
- 02 noyabr, 2023
- 10:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda dövlət proqramları üzrə xərclər hər icraçı qurumun xərclərində ayrıca qeyd edilmir.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı deyib.
"Eyni adlı dövlət proqramı üzrə bir qurum tərəfindən xərclər ayrıca göstərilsə də, digər icraçı qurumlar üzrə proqramlılıqla bağlı məlumat əks olunmur. Bunun nəticəsi olaraq, dövlət proqramı üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün proqnozlaşdırılan və icra olunan vəsaitlərin uçotu və hesabatlılığı üçün çətinliklər yaranır", - deyə o qeyd edib.
"Hesablama Palatasının əvvəlki rəylərindəki qeydlər də nəzərə alınaraq ilk dəfə olaraq dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatına dair ayrıca sənəd büdcə sənədləşməsinə daxil edilib. Büdcə sənədləşməsinə daxil olan məqsədli proqram və tədbirlərin sayının artırılmasına da çalışılıb.
Proqramlılıqla bağlı məlumatlar əsasən maliyyə xarakterli olub. Proqramlılığa dair qabaqcıl təcrübədə maliyyə xarakterli göstəricilərlə yanaşı, qeyri-maliyyə xarakterli (səmərəlilik göstəriciləri) məlumatlar da yer alır", - deyə V.Gülməmmədov vurğulayıb.