Vlodzimej Kiçinski: "Polşa Azərbaycanla bank əməkdaşlığında böyük potensial görür"
- 19 noyabr, 2025
- 11:30
Polşa Banklar Assosiasiyası Azərbaycan maliyyə strukturları ilə əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənir və ölkənin Banklar Assosiasiyası ilə səmərəli qarşılıqlı fəaliyyət qurmağa ümid edir.
"Report" xəbər verir ki, bu barədə Polşanın Banklar Assosiasiyasının icraçı vitse-prezidenti Vlodzimej Kiçinski (Wlodzimierz Kicinski) Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda bildirib.
"Biz Azərbaycan Banklar Assosiasiyası və Polşa Banklar Assosiasiyası arasında uzunmüddətli strateji tərəfdaşlığın formalaşdırılması üzərində ardıcıl işləyirik. Ölkəmizdə 550 bank fəaliyyət göstərir. Bunlardan 65-i kommersiya və demək olar ki, 500-ü kooperativ bankdır. Onlar əsasən kənd yerlərində fəaliyyət göstərir. Bu gün biz geosiyasi vəziyyətlə bağlı, investisiya həcmlərinin artması və müştərilərin ehtiyaclarının tam ödənilməsi zərurəti ilə əlaqəli bir sıra çağırışlarla üzləşirik", - o qeyd edib.
V.Kiçinskinin sözlərinə görə, Polşa bank müştərilərinin 50 %-dən çoxu yalnız mobil xidmətlərdən istifadə edir.
"Polşanın bank sistemi müasir və səmərəlidir, eləcə də yaxşı kapitallaşıb. Rəqəmsal bankinqin dünya liderləri arasında 34 təşkilat var. Bunlardan dördü Polşa bankıdır. Bankların dövlətin inkişafına töhfəsini və cəmiyyət üçün sosial həllərin təmin edilməsində dövlət qurumları ilə qarşılıqlı fəaliyyətimizi anlamaq da vacibdir. Bu gün Polşa banklarının qarşısında duran məsələ derequlyasiyadır - sektorda daha az mürəkkəb qaydalara ehtiyacımız var. Biz daha çox müştərilərin ehtiyaclarına və yeni texnologiyaların tətbiqinə diqqət yetirməliyik. Bu istiqamətdə biz süni intellekt əsaslı həlləri fəal şəkildə tətbiq edir, yeni kanallar inkişaf etdirir və onları bankların gündəlik işinə inteqrasiya edirik. Bunu nəzərə alaraq, Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirməyə çalışırıq və Azərbaycan Banklar Assosiasiyası ilə məhsuldar tərəfdaşlığa ümid edirik", - o vurğulayıb.