"Vijn Fond Azərkredit" BOKT kreditorlarının tələblərini ödəməyə başlayacaq
- 29 sentyabr, 2022
- 12:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Ləğv prosesində olan "Vijn Fond Azərkredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) kreditorlarının tələblərini ödəməyə başlayacaq.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, ötən gün BOKT-un təsisçilərinin ümumi yığıncağı keçirilib. Yığıncaqda kredit təşkilatının, hüquq və vəzifələri varislik qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edilib.
Kreditorlar tələblərini 2 ay ərzində Bakı Şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 8 ünvana bildirə bilərlər. Ödənişi növbəlilik qaydasında ləğvetmə komissiyası həyata keçirəcək.
Xatırladaq ki, “Vijn Fond Azərkredit” 1996-cı ildə yaradılıb, 2018-ci ildə müflis elan edilib. Onun nizamnamə kapitalı 303 867 manatdır. BOKT-un təsisçiləri ABŞ-ın “Vision Fund İnternational” təşkilatı (52%), Lüksemburqun “Rural Impulse FUND II S.A., SICAV-SIF” təşkilatı (24%) və Niderlandın “ASN Belegginsinstellingen Baheer B.V.” təşkilatı (24%) olub.