Vahid Novruzov: "Türk dövlətlərinin audit və mühasibatlıqda fərdi əməkdaşlıq modeli olmalıdır"
- 16 sentyabr, 2026
- 14:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Son illərdə Türk dövlətləri arasında əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etməsi maliyyə, mühasibat və audit sahələrində də əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı inteqrasiyanı zəruri edirdi.
"Report" xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov qurumun 30 illik yubileyinə həsr edilmiş tədbir və "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
Onun sözlərinə görə, Türk Dövlətləri Mühasibat, həmçinin Audit Peşə və Tənzimləyici Qurumları Birliyi məhz bu ehtiyacdan irəli gələn mühüm və perspektivli platformadır: "Birliyin əsas üstünlüyü ondan ibarətdir ki, türkdilli ölkələrin peşə və tənzimləyici qurumlarını təcrübə mübadiləsi, qarşılıqlı öyrənmə və ortaq təşəbbüslərin həyata keçirilməsi üçün bir araya gətirir. Bizim qarşıda duran məqsədlərimiz yalnız mövcud təcrübələri bölüşmək olmamalıdır. Eyni zamanda beynəlxalq standartlara sadiqliklə yanaşı, Türk dövlətlərinin audit və mühasibatlıq sahəsində özünəməxsus peşəkar əməkdaşlıq modelinin formalaşması istiqamətində də addımlar atmalıyıq".
V. Novruzov bildirib ki, Auditorlar Palatası Türk dövlətlərinin müvafiq peşə və tənzimləyici qurumları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və bu istiqamətdə həyata keçirilən bütün təşəbbüsləri yüksək qiymətləndirir: "Bizim ortaq tariximiz və mədəni bağlılığımız böyük bir üstünlükdür. Lakin bu üstünlüyü yalnız xoş duyğularla deyil, real və nəticəyönlü əməkdaşlıqla gələcəyə daşımalıyıq. Bu gün yaratdığımız peşəkar əlaqələr sabah birgə layihələr və təşəbbüslərə yeni imkanlar açmalıdır. İnanıram ki, Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyi belə bir əməkdaşlıq platformasına mühüm töhfə verəcək. Ümid edirəm ki, digər türkdilli dövlətlər də bizim birliyə qoşulacaq və bu inteqrasiyanın nəticələrindən bəhrələnə biləcəklər".