"Unibank"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 24 dekabr, 2024
- 11:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Dekabrın 26-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Unibank" ASC-nin 11 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 dollar olan 11 000 ədəd istiqraz premium bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazlar 6 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.