"Unibank"a yeni sədr təyin edilib

Maliyyə
  • 03 avqust, 2026
  • 17:15
Unibanka yeni sədr təyin edilib

Valentin Morozov "Unibank" ASC-nin İdarə Heyətinin (İH) sədri təyin olunub.

O, uzun illər nüfuzlu banklarda rəhbər vəzifələrdə çalışıb. Bank-maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir, təhsilini New York University, University of Colorado və London Business School kimi ali təhsil müəssisələrində alıb.

"Unibank"ın səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Bankın İH yenidən təsdiqlənib.

Səhmdarların qərarı ilə David Qabelaşvili İH-nin yeni üzvü kimi təsdiq edilib. O, həm də Bankın Baş Maliyyə İnzibatçısı vəzifəsinə təyin olunub. Müxtəlif maliyyə qurumlarında iş təcrübəsi olan, D. Qabelaşvili "TBC Uzbekistan"da maliyyə direktoru vəzifəsində çalışıb. O, Tbilisi Dövlət Universitetində və "ProCredit Academy"də təhsil alıb.

"Unibank" İH-nin digər üzvləri isə İH sədrinin müavini Heybət Qədirov, Baş Risk və Komplayens İnzibatçısı Andrii Qrab, Pərakəndə Biznes və Marketinq üzrə Baş İnzibatçı İlkin Quliyevdir.

Səhmdarların növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Vladimir Aleksandroviç Urbanskiy isə "Unibank"ın Müşahidə Şurasının müstəqil üzvü təyin edilib. O, bir sıra maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb və bank-maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir, Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan"Promtexbank"ın birləşdirilməsi nəticəsində təsis olunub. Bankın nizamnamə kapitalı 149,386 milyon manat həcmindədir. Bankın səhmlərinin 94,08 %-i Müşahidə Şurasının sədri Eldar Qəribova, qalan 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.