UNCTAD-ın Baş katibi: Dünyada əlçatan mənzillərin maliyyələşdirilməsi çatışmazlığı mövcuddur
- 22 may, 2026
- 13:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Qlobal maliyyələşmə çatışmazlığı əlçatan mənzillərə artan tələbatın ödənilməsində əsas maneədir.
"Report" xəbər verir ki, bunu BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspen Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, daşınmaz əmlak bazarında təklif templəri əhalinin ehtiyaclarından əhəmiyyətli dərəcədə geri qalır.
Bununla yanaşı, qlobal miqyasda dayanıqlı inkişaf fondlarında trilyonlarla ABŞ dolları məbləğində vəsait toplanır, lakin çoxtərəfli inkişaf institutları tərəfindən özəl investorlar üçün risklərin azaldılması mexanizmlərinin olmaması səbəbindən bu vəsaitlər daha çox ehtiyacı olan regionlara yönəldilmir.
"Biz daxili maliyyənin səfərbər edilməsini hazırda dünya bazarında olan, lakin ən vacib və köməyə ehtiyacı olan yerlərə çatmayan trilyonlarla dolların cəlb edilməsi ilə birləşdirməliyik", - o bildirib.
Qrinspen vurğulayıb ki, kapitalın dəyərini azaltmaqla, əhalinin ən həssas təbəqələri üçün səmərəli ipoteka sistemlərinə ehtiyac var.
"Tikintinin zəruri miqyasına nail olmaq üçün dövlət vəsaitlərini, özəl investisiyaları və ailələrin şəxsi yığımlarını özündə birləşdirən kombinə edilmiş modellərin yaradılması tələb olunur", - o əlavə edib.