Ukraynalı hakerlər "Zolotaya korona" köçürmə sisteminə hücum ediblər
- 29 avqust, 2023
- 23:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynadan olduğu güman edilən hakerlər “Zolotaya Korona” (KoronaPay) pul köçürmə sisteminə hücum ediblər.
“Report” xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Kibertəhlükəsizlik üzrə uzmanlar nəşrə bildiriblər ki, avqustun 28-də pul köçürmə sisteminin resursları kölgə forumlarında (darknet) haker fəalları üçün hədəf kimi qeyd olunmağa başlayıb.
“Şirkətə hücum çağırışları, bir qayda olaraq, ödəniş sistemində baş verən kütləvi DDoS hücumuna səbəb olur”, - qəzetin həmsöhbətlərindən biri deyib.
Ekspertlərin sözlərinə görə, “Zolotaya Korona”nın fəaliyyətində nasazlıq yaşanıb. Qeyd olunub ki, ödəniş sisteminə hücuma görə məsuliyyəti “Ukraynanın IT ordusu” öz üzərinə götürüb.
2022-ci ildə “Mir” ödəniş sistemi və onun operatoru olan Milli Ödəniş Kart Sistemi oxşar həmlələrə uğrayıb. Həmin hücumların arxasında da ukraynalı hakerlərin olduğu güman edilirdi.