UCLG-nin baş katibi qlobal mənzil böhranının aradan qaldırılmasına çağırış edib
- 19 may, 2026
- 10:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya mənzil böhranının öhdəsindən gəlmək üçün maliyyə arxitekturası transformasiya edilməlidir.
"Report" xəbər verir ki, bu barədə UCLG-nin (United Cities and Local Governments) baş katibi Emiliya Saiz Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal mənzil böhranı: plan nədir?" adlı panel müzakirəsində bildirib.
"Biz sosial mənzilləri lazım olan yerdə deyil, başqa yerlərdə planlaşdırmağa davam edirik. Bir çox təşkilatın iştirakı ilə biz bunu dəyişməliyik. Biz insanları köçürməyə davam edirik - öz mənzillərini əlləri ilə tikmiş insanları köçürürük, çünki onlar qeyri-rəsmi rayonlarda yaşayırlar, çünki onlara şərait təmin edə bilmirik, yaxud da həmin torpağın dəyəri artıb və biz torpağa gəlir mənbəyi kimi baxırıq.
Biz bunu dəyişməliyik. Milli hökumətləri fərqli strategiyalar qurmağa, icmaları öz həyat şəraitlərinin müəyyən edilməsinə cəlb etməyə, yerli xalqların biliklərini nəzərə almağa çağırırdıq. Uzun müddət ümid edirdik ki, yerli iqtisadi inkişaf bütün ehtiyacları ödəyəcək və mənzil bazarları da onun ardınca gedəcək. Problemlərin həlli üçün maliyyə arxitekturasını dəyişməliyik", - Emiliya Saiz vurğulayıb.