Türkiyəli rəsmi: "Azərbaycanda islam maliyyəsinin inkişafına dəstək strateji hədəfimizdir"
- 23 oktyabr, 2025
- 11:22
Türkiyə Azərbaycanda islam maliyyəsinin inkişafına dəstəyi strateji hədəf hesab edir.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidentliyinin İnvestisiya və Maliyyə Ofisinin rəsmisi Tarık Akın Bakıda keçirilən İslam Maliyyə Forumunda (İMF) deyib.
"Azərbaycan və Türkiyə yalnız xalqlar arasında deyil, həm də iqtisadi və maliyyə əlaqələrində dərin köklərə sahibdir. Bu qardaşlıq münasibətləri bizim birgə uğurlarımızın əsasını təşkil edir", – deyə o bildirib.
T. Akının sözlərinə görə, islam maliyyə sistemi şəffaflıq, uzunmüddətlilik və etik dəyərlərə əsaslanaraq Türkiyənin maliyyə sektorunda sürətlə inkişaf edən və böyük əhəmiyyət verilən bir istiqamətə çevrilib:
"Biz bu sahənin təkcə Türkiyədə deyil, bütün regionda, xüsusilə də Azərbaycanda inkişafına dəstək göstərməyi strateji hədəf hesab edirik".
O vurğulayıb ki, islam maliyyəsinin əsas prinsipləri – riskin bölüşdürülməsi, ədalətli gəlir bölgüsü və real iqtisadiyyatla bağlılıq – dayanıqlı inkişafı dəstəkləyir:
"Bu dəyərlər dayanıqlı iqtisadi artımın, inflyasiyaya davamlı iqtisadiyyatın formalaşmasına xidmət edir. Azərbaycanın enerji potensialı, strateji mövqeyi və inkişaf imkanları ölkənin qlobal maliyyə mərkəzinə çevrilməsi istiqamətində atdığı addımları daha da gücləndirir".
T. Akın qeyd edib ki, Qarabağda aparılan yenidənqurma işləri böyük investisiya imkanları açır:
"İslami maliyyə alətləri – sukuk, təkatül və iştirakçılıq mexanizmləri bu layihələrin maliyyələşdirilməsində alternativ mənbə ola bilər".
Sonda o əlavə edib ki, Türkiyə Prezidentliyinin İnvestisiya və Maliyyə Ofisi Azərbaycanla İslami maliyyə sahəsində təcrübə mübadiləsini dərinləşdirməyə və yeni imkanları araşdırmağa tam hazırdır:
"Əminəm ki, bu əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatına yeni nəfəs gətirəcək və əlaqələrimizi daha da möhkəmləndirəcək".