Türkiyə şirkəti rəqəmsal təhlükəsizlik həllərini Azərbaycanın ödəniş bazarına çıxarmaq istəyir

Maliyyə
  • 29 oktyabr, 2025
  • 10:51
Türkiyə şirkəti rəqəmsal təhlükəsizlik həllərini Azərbaycanın ödəniş bazarına çıxarmaq istəyir

Türkiyə şirkətinin rəqəmsal təhlükəsizlik həlləri Azərbaycanın ödəniş şirkətlərində tətbiq ediləcək.

"Report" xəbər verir ki, bunu Türkiyənin elektron imza və rəqəmsal kimlik doğrulama texnologiyaları üzrə ixtisaslaşmış "Arksigner" şirkətinin vitse-prezidenti Özləm Kahramaner Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbiri çərçivəsində bildirib.

Onun sözlərinə görə, hazırda şirkətin məhsulları Azərbaycanda SİMA ilə inteqrasiya olunmuş şəkildə bank sektorunda tətbiq edilir: "Növbəti mərhələdə isə bu rəqəmsal təhlükəsizlik həllərinin ödəniş şirkətlərində də istifadəsi planlaşdırılır".

Şirkət nümayəndəsi qeyd edib ki, əsas məqsəd Azərbaycanda güclü və etibarlı rəqəmsal kimlik doğrulama infrastrukturunun formalaşdırılmasıdır: "Bank sektorunda əldə etdiyimiz təcrübəni indi ödəniş şirkətlərində tətbiq etməklə ölkənin maliyyə bazarında daha geniş təhlükəsizlik təmin etməyi hədəfləyirik. Təqdim etdiyimiz texnologiyalar süni intellektlə dəstəklənir, saxtakarlığın qarşısının alınmasına, rəqəmsal əməliyyatların tam etibarlı şəkildə aparılmasına imkan yaradır".

Son xəbərlər

Bütün Xəbər Lenti