Türkiyə sığorta sektoru böyümə hədəfini açıqlayıb
- 25 iyun, 2026
- 10:41
Türkiyə sığorta sektoru 2030-cu ilə qədər 50 milyard ABŞ dolları dəyərində bazar hədəfləyir.
"Report" xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin Sədri Əhməd Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə sektor təxminən 1,2 trilyon lirə və yaxud 31-32 milyard ABŞ dolları sığorta haqqı toplayıb, ölkədə aktiv sığortalıların sayı 34,7 milyon nəfərə yüksəlib.
"2026-cı ilin I rübünün yekunlarına əsasən, sektorun aktivləri 4,2 trilyon lirə və yaxud təxminən 100 milyard ABŞ dolları olub. O cümlədən sektorunun xüsusi kapitalı təxminən 11 milyard ABŞ dolları təşkil edib. Bu ilin 5 ayına 622 milyard lirə və yaxud təxminən 14 milyard ABŞ dolları sığorta haqları toplanılıb. Əsas hədəf Türkiyənin qlobal iqtisadiyyatda tutduğu mövqeyə uyğun sığorta sektoru formalaşdırmaqdır. Türkiyə dünyanın 16-17-ci böyük iqtisadiyyatları sırasında yer alır və məqsəd Türk sığorta sektorunu da ən azı bu səviyyəyə çatdırmaqdır.
Lakin bu rəqəmlər yalnız böyüklük göstəricisi kimi qiymətləndirilmir. Əsas məqsəd daha çox sığorta haqqı toplamaq deyil, daha çox insanı qorumaq, daha çox müəssisəni təminat altına almaq və daha çox iqtisadi dəyərin davamlılığını təmin etməkdir", - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum 2030-cu il üçün iki əsas hədəf müəyyənləşdirib: "Bunlardan birincisi sığorta haqları 50 milyard ABŞ dollarına çatdırmaqdısa, digəri hazırda 2,68 % olan sığorta penetrasiyası göstəricisini 5 %-ə yüksəltməkdir. Bununla yanaşı, daha geniş baxış da mövcuddur: qorunma boşluqlarını azaldan, qənaətləri artıran, gələcəyə inam yaradan sığorta ekosistemi formalaşdırmaq".
Ə.Yaşar onu da deyib ki, böyüyən iqtisadiyyatlar Türk dünyasının imkanlarını genişləndirir: "Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr, Türkmənistan və hətta Macarıstan böyüyən iqtisadiyyatları və inkişaf edən maliyyə sistemləri ilə böyük potensialı təmsil edir. Lakin bu gün bizi bir araya gətirən yalnız ortaq tariximiz deyil. Türk Dünyası ölkələri olaraq biz ortaq gələcəyi, ortaq riskləri, ortaq imkanları və getdikcə daha çox ortaq iqtisadi hədəfləri bölüşürük. Bu ortaq gələcəyin institusional əsaslarının güclənməsini isə böyük məmnunluqla qarşılayırıq. 2020-ci ildə təməli qoyulmuş Türk Dünyası Sığorta Birliyi bu gün regionun ən mühüm sektoral əməkdaşlıq platformalarından birinə çevrilib. Birliyimizin ilk Baş Assambleyası ötən il Türk Dünyasının mədəniyyət mərkəzlərindən biri olan Şuşada uğurla keçirilib. Şuşada nümayiş etdirilən ortaq iradə sığorta sahəsində əməkdaşlığımızın gələcəyinə dair güclü mesaj verib və tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm zəmin yaradıb".