Türkiyə habının rəsmisi: "Azərbaycanda “Buy now pay later” sisteminin tətbiqi mümkündür"
- 06 sentyabr, 2023
- 14:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fintex, bank və maliyyə institutlarında “Buy now pay later” (BNPL) sisteminin tətbiqi mümkündür.
Bunu "Report"a açıqlamasında Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda iştirak edən Türkiyənin "Ftihub:Fintech Innovation Hub" şirkətinin hüquqi tərəfdaşı İlqıt Şahin deyib.
"Türkiyə qanunvericiliyində bir sələmçilik cəzası var. Yəni kredit vermək səlahiyyəti olmayan təşkilatlar borc verdikdə onlara cəza tətbiq edilir. Eyni zamanda Türkiyədə elektron pul təşkilatları kredit verə bilməz, amma Azərbaycanda verə bilərlər. Bu xüsusiyyətlər elektron pul təşkilatlarını da BNPL sistemini tətbiq etmək üçün uyğun vəziyyətə gətirir", - deyə o, bildirib.
Müsahibimiz bu istiqamətdə dünya təcrübəsini də şərh edib:
“Hazırda Avropa İttifaqı və İngiltərədə tənzimləyici orqanlar qanunvericiliklərini BNPL sisteminə uyğun şəkildə dəyişdirir. Avropa İttifaqında 200 avrodan az məbləğdə verilən borclar kredit adlandırılmır. Amma artıq onlar bu limiti ləğv etmək üzrədir. Bundan sonra tək taksitli və ya faizsiz kreditlər də borc öhdəliyi hesab ediləcək. Yəni BNPL mövzusu ilə bağlı İngiltərə və Avropa İttifaqında tədbirlərin aktivləşdirilməsi gözlənilir. Türkiyə və Azərbaycanda isə hələlik bu istiqamətdə bir dəyişiklik yoxdur. Amma bu, daha çox sözügedən təşkilatların əlaqəli mövzuda addım atmaqlarına bağlıdır. Bu addımlar atıldıqdan sonra nəyə ehtiyac olduğu daha yaxşı təsbit ediləcək”.