Türkiyə Banklar Birliyi: Kibertəhlükəsizlik sahəsində regional əməkdaşlıq güclənir
- 09 iyun, 2026
- 10:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk dövlətləri arasında rəqəmsal bankçılıq və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq güclənir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Türkiyə Banklar Birliyinin Baş katibi Nurullah Bakır bildirib.
Onun sözlərinə görə, Türk dövlətləri sahib olduğu güclü texniki bilik bazası, yüksək səviyyədə yetişmiş insan resursları və inkişaf etmiş maliyyə infrastrukturu ödəniş sistemləri sahəsində daha sıx əməkdaşlıqların qurulması üçün mühüm imkanlar yaradır: "Bu istiqamətdə atılacaq birgə addımlar yalnız maliyyə inteqrasiyasını deyil, həm də regionumuzun texnoloji səriştəsini və qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. İstər açıq bankçılıq, istərsə də transsərhəd inteqrasiya proseslərində bu rəqəmsal transformasiyanın ən fundamental elementi və ən dəyərli aktiv məhz məlumatlardır (data). Məlumatlardan səmərəli istifadə süni intellekt texnologiyalarının kredit risklərinin qiymətləndirilməsi, fırıldaqçılığın aşkar edilməsi, müştəri xidmətlərinin təkmilləşdirilməsi və risklərin idarə olunması kimi bankçılığın bütün sahələrində köklü transformasiyaya səbəb olur".
Qonaq əlavə edib ki, rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi ilə yanaşı, kibertəhlükəsizlik riskləri də əhəmiyyətli dərəcədə artır: "Bu səbəbdən bankların kibertəhdidlərə qarşı güclü və sistemli tədbirlər görməsi xüsusi önəm daşıyır. Regional səviyyədə kibertəhlükəsizlik əməkdaşlığının gücləndirilməsi, təhdid kəşfiyyatının paylaşılması və ortaq müdafiə mexanizmlərinin yaradılması bank sektorunun dayanıqlılığına ciddi töhfə verə bilər. Eyni zamanda, tənzimləyici uyğunluq və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində standartların yaxınlaşdırılması da regional inteqrasiyanın əsas istiqamətlərindən biridir".