“TBC Kredit” BOKT-un istiqrazlarına 4 investor maraq göstərib
- 14 iyul, 2022
- 12:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də “TBC Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 4 investor qiyməti 1 000 manat (12%), ümumi məbləği isə 1 milyon manat olan 4 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
Emitentin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 1 000 manat (12%) müəyyən olunub.
Qiymətli kağızlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.