Taleh Kazımov: "Manatın möhkəmlənməsi idxal inflyasiyasını azaldır"

Maliyyə
  • 31 iyul, 2026
  • 11:48
Taleh Kazımov: Manatın möhkəmlənməsi idxal inflyasiyasını azaldır

Azərbaycan manatının ticarət tərəfdaşlarının valyutalarına qarşı möhkəmlənməsi ölkəyə idxal olunan inflyasiyanın azalmasına şərait yaradır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, öz növbəsində, daxili bazarda qiymət artımının qarşısının alınmasına və inflyasiya təzyiqlərinin zəifləməsinə müsbət təsir göstərir.

"İnflyasiya proqnozları bir neçə əsas amil nəzərə alınmaqla hazırlanır və hazırkı şəraitdə bu amillərin təsiri inflyasiya ilə bağlı daha nikbin proqnozlar verməyə imkan yaradır. İnflyasiyanın idarə olunmasında qiymətlərin artmasına təsir edən əsas amillər ticarət tərəfdaşlarımızdakı inflyasiya prosesləri və xərc amilləridir. Bu baxımdan əsasən kənd təsərrüfatı istehsalçı qiymətlərini izləyirik. İnflyasiyanı azaldan əsas amil isə nominal effektiv məzənnədir", - deyə AMB sədri qeyd edib.

T.Kazımov bildirib ki, dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərinin artması dollar indeksinin möhkəmlənməsinə səbəb olur. Bu isə manatın digər valyutalara nisbətən dəyərinin artması ilə nəticələnir.

"Çox sadə dillə desək, dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri artdıqda dollar indeksi də möhkəmlənir. Dollar indeksinin möhkəmlənməsi isə o deməkdir ki, manat digər valyutalara nisbətən də möhkəmlənir. Nəticədə idxal etdiyimiz ticarət tərəfdaşlarının valyutalarına qarşı manatın məzənnəsi güclənir və bu da ölkəyə daha az inflyasiya idxal etməyimizə səbəb olur. Nəzərə almalıyıq ki, qeyri-neft-qaz idxalımızın 80 %-i enerji daşıyıcıları ixrac edən ticarət tərəfdaşlarının payına düşür", - deyə o əlavə edib.