Taleh Kazımov: "Bank sektorunun risk qiymətləndirilməsində əhəmiyyətli yaxşılaşma qeydə alınıb"
- 25 sentyabr, 2026
- 17:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın bank sektorunun risk qiymətləndirilməsində əhəmiyyətli yaxşılaşma qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, tənzimləyici çərçivənin təkmilləşdirilməsi, şəffaflığın artırılması, bank sektorundakı istehlakçıların və investorların hüquqlarının qorunmasının möhkəmləndirilməsi istiqamətində davam edən səyləri beynəlxalq kredit reytinq agentlikləri tanıyıb: "Güclü makroiqtisadi və fiskal göstəricilərlə birlikdə bu səylər bir sıra reytinq artımlarını dəstəkləyib. Bu irəliləyiş sektorun qiymətləndirilməsində də özünü göstərir. "S&P Global Ratings"in BICRA adlanan Bank Sənayesi Ölkə Riskinin Qiymətləndirilməsi hesabatına görə, Azərbaycanın bank sektoru 2023-cü ilin sonunda 9-cu qrupdan 2026-cı ildə 7-ci qrupa keçərək bank sektorunun risk qiymətləndirilməsində əhəmiyyətli yaxşılaşma nümayiş etdirib. Birlikdə götürdükdə, bu inkişaflar Azərbaycanın maliyyə sektorunun artan dayanıqlılığını göstərir və dayanıqlı investisiyalar, eləcə də uzunmüddətli kapital formalaşdırılması üçün daha güclü bünövrə yaradır".
Bundan başqa, baş bankir deyib ki, Azərbaycan maliyyələşmə mənbələrini İslam və digər dayanıqlı maliyyə alətləri ilə şaxələndirir: "Biz iqtisadiyyat üçün mövcud maliyyələşdirmə imkanlarının dairəsini genişləndirmək üzərində işləyirik. İslam maliyyəsi, o cümlədən İslam bankçılığı və kapital bazarları beynəlxalq maliyyələşdirmənin cəlb edilməsi, Azərbaycanın daha geniş investor hovuzu ilə əlaqələndirilməsi üçün əlavə kanal təmin edə bilər. Dayanıqlı maliyyələşmə həmçinin Azərbaycanın investisiya ehtiyaclarını ətraf mühitə, sosial məsuliyyətli investisiyalara qlobal tələbatın artması ilə əlaqələndirmək imkanları yaradır. Yaşıl istiqrazlar, dayanıqlılıqla bağlı alətlər və digər innovativ maliyyə məhsulları kapitalın uzunmüddətli iqtisadi və ekoloji faydaları olan layihələrə yönəldilməsinə kömək edə bilər. Bu şaxələndirmə maliyyə axınlarının dayanıqlılığını artıra, maliyyə sisteminin iqtisadi tsiklin müxtəlif mərhələlərində investisiyaları dəstəkləmək qabiliyyətini təkmilləşdirə bilər".
"Güclü tərəfdaşlıqlar daha dayanıqlı maliyyə ekosistemi yarada bilər. Qlobal maliyyədəki qeyri-müəyyənliklər əməkdaşlığı sadəcə arzuolunan deyil, getdikcə daha vacib və zəruri edir. Sektorlar və təşkilatlar arasında daha güclü tərəfdaşlıqlar qurmaqla investisiyaları, iqtisadi artımı və uzunmüddətli iqtisadi rifahı dəstəkləmək üçün daha əlverişli maliyyə ekosistemi yarada bilərik. Biz qiymət və maliyyə sabitliyinin qorunması mandatını yerinə yetirməyə, iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməyə sadiqik. İnanıram ki, qlobal iqtisadiyyatın gələcəyi qurduğumuz əməkdaşlıq və tərəfdaşlıqlarla, o cümlədən bu gün burada başlayan tərəfdaşlıqlarla formalaşacaq", - deyə T.Kazımov əlavə edib.