Taleh Kazımov: "10 ayda iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub"
- 19 noyabr, 2025
- 13:28
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, 10 ayda ümumi daxili məhsulun (ÜDM) real ifadədə 1,3 % artımı müşahidə edilib, o cümlədən qeyri-neft-qaz sektorunda 3,1 % artım qeydə alınıb.
"Qeyri-neft-qaz sektorunda artım əsasən informasiya və rabitə, turizm və tikintidə olub. AMB-nin iqtisadi artımla bağlı proqnozları nikibindir. 2025-ci ilin sonuna ümumi daxili məhsulun 2,2 % artacağı, 2026-cı ilin sonuna isə 2 % artım qeydə alınacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz ÜDM-nin isə bu il 3,7 % , gələn il isə 4,4 % artacağı proqnozlaşdırılır", - deyə baş bankir qeyd edib.
Onun sözlərinə görə, 2025-ci ildə qlobal iqtisadi mühit olduqca dəyişqən olub, qlobal ticarətdə qeyri-müəyyənliklər əhəmətli dərəcədə yüksəlib: "Cari ildə qlobal iqtisadi artım nisbətdən zəifləyib, inflasiya azalıb. Beynəlxalq Valyuda Fondunun oktyabr hesabatına görə qlobal iqtisadi artımın 2025-ci ildə 3,2 %, 2026-cı ildə isə 3,1 % olacağı gözlənilir. Hesabatda qlobal inflasiya proqnozu 2025-ci il üzrə 4,2 % saxlanılıb, 2026-ci ilə isə 0,1 faiz bəndi artırılaraq 3,7 % müəyyən edilib. Əlavə olaraq qeyd etmək istərdim ki, ticarət tərəfdaşlarında illik inflasiya ötən ilin sonundakı 11 %-lə müqayisədə xeyli az - cari ilin sentyabr ayında 8,2 faiz təşkil edib. ABŞ dolları indiksi 10 ayda 8 faiz bəndi azalıb. Yeni qlobal reallıqların formalaşdığı şəraitdə 2025-ci ilin 10 ayında ölkə iqtisadiyyatında artım davam edib".