Sumqayıt-Yalama dəmir yolunun tikintisi ilə bağlı xərclər açıqlanıb
- 31 iyul, 2023
- 09:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıt-Yalama dəmir yolu xəttinin bərpası layihəsinə 2018-2022-ci illər ərzində 196,306 milyon ABŞ dolları xərclənib.
“Report” layihənin 2022-ci ilin yekunlarına dair audit edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, Asiya İnkişaf Bankı (ADB) və Fransa İnkişaf Agentliyi (AFD) tərəfindən maliyyələşdirilən layihənin ümumi dəyəri 331 milyon ABŞ dolları təşkil edir.
İstifadə edilmiş maliyyə vəsaitinin 90,939 milyon dolları ADB-nin (150 milyon ABŞ dolları məbləğində kredit ayırıb), 72,159 milyon ABŞ dolları AFD-nin (93,159 milyon avro və ya 105 milyon ABŞ dolları məbləğində kredit ayırıb), 33,207 milyon ABŞ dolları isə Azərbaycan hökumətinin (layihədə iştirak payı 76 milyon ABŞ dolları təşkil edir) payına düşür.
2022-ci ildə layihəyə 52,014 milyon ABŞ dolları xərclənib. 2021-ci ildə bu göstərici 78,539 milyon ABŞ dolları olub. Ötən il layihəyə yönəldilmiş vəsaitlərin 22,646 milyon ABŞ dolları (2021-ci ildə 35,309 milyon ABŞ dolları) ADB-nin, 18,159 milyon ABŞ dolları (32,877 milyon ABŞ dolları) AFD-nin, 11,207 milyon ABŞ dolları (10,352 milyon ABŞ dolları) Azərbaycan hökumətinin hesabına olub.
Ötən il tikinti işlərində Asiya İnkişaf Bankının 20,783 milyon ABŞ dolları (2021-ci ildə 31,651 milyon ABŞ dolları), Fransa İnkişaf Agentliyinin 18,159 milyon ABŞ dolları (32,877 milyon ABŞ dolları), Azərbaycan hökumətinin isə 6,979 milyon ABŞ dolları (11,532 milyon ABŞ dolları) maliyyə vəsaiti istifadə edilib.
Ümumilikdə, 2018-ci ildən 2022-ci ilə qədər layihə üzrə tikinti işlərinə 182,742 milyon ABŞ dolları maliyyə vəsaiti xərclənib.
Qeyd edək ki, layihə çərçivəsində Sumqayıtdan Yalamaya qədər olan təxminən 333 kilometr uzunluqda əsas dəmir yolu xəttinin yenidən qurulması, o cümlədən tikinti konstruksiyalarının və dəmiryolu keçidlərinin tikintisi və quraşdırılması, həmçinin "Şimal-Cənub" dəmir yolu dəhlizinin Yalamadan Astaraya qədər olan hissəsinin yenilənməsi üçün elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya kimi digər əsas dəmir yolu obyektlərinin təkmilləşdirilməsi üzrə mərhələli strategiyanın hazırlanması nəzərdə tutulur.
Layihə ilə bağlı işlərin 2024-cü ilin sonuna qədər tamamlanacağı planlaşdırılır.