Şübhəli Əməliyyatların Monitorinqi Sistemində öhdəlik daşıyan şəxslərin sayı 68 % artıb
- 08 oktyabr, 2026
- 16:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvarın 1-nə Maliyyə Monitorinqi Xidmətinin (MMX) Şübhəli Əməliyyatların Monitorinqi Sistemində (ŞƏMS) qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin sayı 2 677 vahid təşkil edib.
"Report" bu barədə MMX-ya istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il yanvarın 1-nə nisbətən 68 % çoxdur.
Öhdəlik daşıyan şəxslərin 50,8 %-i və yaxud 1 359-u (illik müqayisədə 80,2 % çox) mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslər, 488-i (82,1 % çox) hüquq xidməti göstərən şəxslər, 234-ü (2,8 dəfə çox) Vəkillər Kolleiyası, 206-sı (5,9 % az) audit xidməti göstərən şəxslər, 202-si (94,2 % çox) rieltorlar, 57-si (1,7 % az) bank olmayan kredit təşkilatları, 22-si (eyni) bank, 31-i (82,4 % çox) maliyyə lizinqi xidməti göstərən şəxslər, 14-ü (40 % çox) elektron pul təşkilatları, 13-ü (7,1 % az) ödəniş təşkilatları, 13-ü (7,1 % az) investisiya şirkətləri, 9-u (28,6 % çox) lombardlar, 8-i (60 % çox) kredit ittifaqları, 6-sı (2 dəfə çox) valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, 5-i (eyni) həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığorta təşkilatları, 3-ü (50 % çox) həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığorta vasitəçiləri, 2-si investisiya fondlarının idarəçiləri, 2-si ( 2 dəfə çox) notariuslar, hər birindən 1 dənə olmaqla həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan təkrarsığorta təşkilatları, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru olub.
Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.