SOCAR-ın "yaşıl istiqraz"larının 4-cü faiz ödənişi edilib

Maliyyə
  • 10 mart, 2026
  • 16:44
SOCAR-ın yaşıl istiqrazlarının 4-cü faiz ödənişi edilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "yaşıl" təyinatlı istiqrazları üzrə 4-cü faiz ödənişi edilib. (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir.)

"Report" "SOCAR Capital" şirkətinə istinadən xəbər verir ki, 4-cü faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb və investorların ümumi gəliri 12 milyon ABŞ dollarına yüksəlib.

2025-ci ilin 15 yanvar tarixində ölkəmizin "yaşıl" enerji sahəsində atdığı strateji addımlara töhfə vermək məqsədilə emissiya edilmiş "yaşıl" təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.

Ötən ilin 7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən, daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın "yaşıl istiqraz"ları ilə "Bakı Fond Birjası" QSC-də (BFB) bu günə qədər 22 milyon ABŞ dollarından artıq məbləğdə 447 ədəd əqd bağlanıb.

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında aparılan ticarət həcmi 97,6 milyon ABŞ dollarıdır. Bağlanan əqdlərin ümumi sayı isə 1 620-dir (BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 32,7 %-ni təşkil edib.)

SOCAR İstiqrazlarının ilk buraxılışından (2016) indiyə qədər vətəndaşlara və investorlara 56 milyon 125 min ABŞ dolları məbləğində faiz ödənilib.

"ABB İnvest İnvestisiya Şirkəti" QSC-nin marketmeykeri olduğu SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonuna qədər sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.

Xatırladaq ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı nömrəsi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı "ASAN xidmət" mərkəzləri və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.

44 - Tezliklə