SOCAR-ın öhdəlikləri təxminən 22 % azalıb
- 27 iyun, 2024
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən ili 2,073 milyard manat xalis mənfəətlə başa vurub.
"Report" SOCAR-ın 2023-cü il üzrə konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 4,5 dəfə azdır.
Ötən il SOCAR-ın satışdan (əsas əməliyyat) gəlirləri 85,201 milyard manat (illik müqayisədə 28,5 % az), satışının maya dəyəri 76,639 milyard manat (26,7 % az), əmlak, tikili və avadanlıqların silinməsindən gəliri 20 milyon manat (əvvəlki il zərər olub), effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış faiz gəlirləri 0,664 milyard (80,9 % çox), xalis monetar mövqe üzrə gəlirləri 1,003 milyard manat (50,6 % çox), sair əməliyyat gəlirləri 0,843 milyard manat (15,6 % az) təşkil edib. Bununla yanaşı şirkətin birgə müəssisələrin maliyyə nəticələrində pay üzrə mənfəəti 0,756 milyard manat (48,7 % az), asılı müəssisələrin maliyyə nəticələrində pay üzrə gəlirləri 0,612 milyard manat (40,5 % az) olub.
2023-cü ildə SOCAR-ın maliyyə xərcləri 1,833 milyard manat (19,3 % çox), paylaşdırma xərcləri 2,206 milyard manat (27,6 % az), ümumi və inzibati xərcləri 1,939 milyard manat (4,8 % çox), sosial xərcləri 300 milyon manat (40,2 % çox), kəşfiyyat və qiymətləndirmə xərcləri 0,017 milyard manat (2,4 dəfə çox), gözlənilən kredit zərəri 0,203 milyard manat (17,1 % az), sair əməliyyat xərcləri 2,561 milyard manat (2,6 dəfə çox), məzənnə fərqindən zərəri 0,722 milyard manat (45 % çox), mənfəət vergisi ödəmələri isə 0,606 milyard manat (2,4 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə SOCAR-ın aktivləri 71,966 milyard manat olub ki, bu da illik müqayisədə 11 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 21,9 % azalaraq 37,118 milyard manata, balans kapitalı isə 4,5 % artaraq 34,848 milyard manata, o cümlədən nizamnamə kapitalı 5,3 % artaraq 5,014 milyard manata çatıb.
Xatırladaq ki, SOCAR ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.