SESRIC qlobal halal bazarın 2028-ci ilə qədər proqnozlaşdırılan həcmini açıqlayıb

Maliyyə
  • 16 iyun, 2026
  • 12:24
SESRIC qlobal halal bazarın 2028-ci ilə qədər proqnozlaşdırılan həcmini açıqlayıb

Qlobal halal məhsullar bazarının həcmi 2028-ci ilə qədər təxminən 11 trilyon ABŞ dollarına çatacaq.

"Report" xəbər verir ki, bunu İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Kadr Hazırlığı Mərkəzinin (SESRIC) baş direktoru Zehra Selçuk Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən "Liderlərin strateji dialoqu: Etik halal biznes modelləri və risklərə dayanıqlı maliyyələşdirmə" adlı panel müzakirədə bildirib.

Onun qiymətləndirməsinə görə, halal ekosistemi elə bir miqyasa və mürəkkəblik dərəcəsinə çatıb ki, milli səviyyəli səylərlə yanaşı, getdikcə daha əlaqələndirilmiş və kollektiv yanaşmaya ehtiyac duyulur.

"Bu gün halal iqtisadiyyat çoxtrilyonluq ekosistemə çevrilib. O, İslam maliyyəsindən halal qida məhsulları, halal turizm, əczaçılıq, həyat tərzi sənayesi və logistika zəncirlərinə qədər bütün istiqamətləri əhatə edir. Beləliklə, İslam iqtisadiyyatı geniş sektorları əhatə edir. Son qiymətləndirmələrə görə, 2018-ci ildə qlobal halal məhsullar bazarının həcmi təxminən 4,7 trilyon ABŞ dolları təşkil edib, 2023-cü ilə qədər 7 trilyon ABŞ dollarını ötüb. 2028-ci ilə qədər proqnozlaşdırılan artım isə təxminən 11 trilyon ABŞ dollarıdır. Başqa sözlə, söhbət nəhəng bir sənayedən gedir. İslam Əməkdaşlıq Təşkilatının (OIC) üzvü olan ölkələr üçün bu strategiya və artım daha böyük əhəmiyyətə malikdir. Dünya müsəlmanlarının təxminən 81 %-nin OIC dövlətlərində yaşadığını nəzərə alsaq, qlobal bazarın təxminən 80 %-i bu regionun payına düşür. Müvafiq olaraq, əlaqəli sahələrə də böyük tələbat var", - Z.Selçuk vurğulayıb.