Servet Bayındır: "İslam maliyyəsində möhkəm qanunverici baza mühüm əhəmiyyət kəsb edir"

Maliyyə
  • 22 oktyabr, 2026
  • 10:49
Servet Bayındır: İslam maliyyəsində möhkəm qanunverici baza mühüm əhəmiyyət kəsb edir

İslam maliyyəsi sahəsində möhkəm qanunverici bazanın formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında İqtisadi Siyasətlər Şurasının sədr müavini Servet Bayındır Bakıda keçirilən III İslam Maliyyə Forumunda bildirib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Türkiyə və Azərbaycanda da məzmun və forma baxımından bir-biri ilə uyğun qanunvericiliyə və dolayısıyla maliyyə alətlərinə ehtiyac var: "İslam iqtisadiyyatının və maliyyəsinin göz ardı edilə bilinməyəcək bir vəziyyət olduğu bir həqiqətdir. Çünki mövcud maliyyə sisteminin, arxitekturasının, alətlərinin və modellərinin artıq dünyada son həddinə çatılıb. Yeni alətlərə və modellərə ehtiyac var. Məhz İslami maliyyə bütün dünyada və təbii ki bizim ölkələrimizdə artıq xalqımıza pulunu, sərmayəsini və fondlarını dəyərləndirə biləcəyi müxtəlif alətlər təqdim edir. Bir tərəfdən də fonda və sərmayəyə ehtiyac duyan tərəflərin o ehtiyaclarını ödəyəcək, fitrətinə, təbiətinə, iqtisadiyyata və xalqın xeyrinə olan yeni alətləri ehtiva edir".

S.Bayındır qeyd edib ki, islam maliyyəsinin uyğunlaşdırıla bilməsi və tətbiq oluna bilməsi üçün beynəlxalq qəbul edilmiş ümumi prinsiplər, standartlar və qanunvericilik mövcuddur: "Məhz bu sahənin ən mühüm qurumlarından biri İslam Maliyyə Qurumları üçün Mühasibat Uçotu və Audit Təşkilatıdır (AAOIFI). Yenə beynəlxalq standartlar çərçivəsində Türkiyədə bu işlərlə məşğul olan, xüsusilə bankçılıq sahəsi ilə bağlı tənzimləmələri həyata keçirən Türkiyə İştirak Bankları Birliyidir. Bu əməkdaşlıqların və ünsiyyətin yaxın zamanda bütün ölkələrimizdə çox gözəl bəhrələrə və məhsullara çevriləcəyinə ümid edirəm".