Serhat Köksal: "Azərbaycan iqtisadi inkişafının ən mühüm mərhələsini yaşayır"
- 02 iyul, 2026
- 13:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan iqtisadi inkişafının əsas mərhələsini yaşayır.
"Report" xəbər verir ki, bu barədə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal Bakıda keçirilən QDTİB Rəhbərlər Şurasının 28-ci illik toplantısı çərçivəsindəki biznes-forumda çıxış edərkən bildirib.
"Son onilliklər ərzində dövlət güclü institutlara, müasir infrastruktura və getdikcə daha çox şaxələndirilmiş istehsal bazasına malik dinamik şəkildə inkişaf edən iqtisadiyyata çevrilib. Azərbaycan təkcə enerji daşıyıcılarının iri istehsalçısı kimi yox, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji qovşaq kimi özünü təsdiqləyib. Bu, qarşılıqlı əlaqələrin yalnız nəqliyyat dəhlizləri və logistika zəncirləri yox, həm də imkanların formalaşdırılması, bazarların inteqrasiyası və rifahın qurulması mənasına gəldiyini anlayan bir dövlətdir", - o vurğulayıb.
Onun sözlərinə görə, bugünkü forumun mövzusu bu baxışa tam şəkildə uyğun gəlir: "Bazarların inteqrasiyası, iqtisadiyyatların şaxələndirilməsi, tərəfdaşlıq vasitəsilə dayanıqlılığın formalaşdırılması mücərrəd arzular deyil. Bu, getdikcə daha çox mürəkkəbləşən dünyada dayanıqlı inkişafın bünövrəsidir. Azərbaycan isə bu yolda dərin təəssürat yaradan məqsədyönlülük nümayiş etdirir. Ölkənin karbohidrogen resursları sahəsindən kənarda şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və regional əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki səyləri investisiyalar və əməkdaşlıq üçün yeni perspektivlər yaradıb".