Səməd Bəşirli: "Büdcə siyasətində sosial yönümlülük və vətəndaş rifahı prioritet olaraq qalır"

Maliyyə
  • 12 noyabr, 2025
  • 12:14
Səməd Bəşirli: Büdcə siyasətində sosial yönümlülük və vətəndaş rifahı prioritet olaraq qalır
Səməd Bəşirli

Azərbaycan qlobal əhəmiyyətə malik enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək region üçün strateji əhəmiyyət daşıyan ölkəyə çevrilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğaldan azad olunması ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib və yeni inkişaf imkanları yaradıb:

"Müzakirə etdiyimiz 2026-cı ilin dövlət büdcəsi layihəsi ölkəmiz qarşısında duran strateji vəzifələri əks etdirir və iqtisadi imkanların reallaşdırılmasına xidmət edən tədbirlərin maliyyələşdirilməsini nəzərdə tutur".

S. Bəşirli qeyd edib ki, büdcə zərfi Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə, vətəndaşların rifahının daha da yüksəldilməsinə, həmçinin mədəniyyət, idman və ictimai fəaliyyətin dəstəklənməsinə yönəlib:

"Büdcə siyasətində sosial yönümlülük prinsipi qorunur, insan resurslarının, xüsusilə gənclərin inkişafına və ictimai təşəbbüslərin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Məqsəd - iqtisadi artımın hər bir vətəndaşın həyatına daha çox müsbət təsir göstərməsi, investisiyaların real sektorda yeni imkanlar yaratması və cəmiyyətin ümumi inkişafına töhfə verməsidir".

Son xəbərlər

Bütün Xəbər Lenti