Şamaxıya "İnvestisiya səyahəti" təşkil olunub
- 17 oktyabr, 2022
- 07:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı, "Bakı Fond Birjası" QSC (BFB), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Şamaxı şəhərində "İnvestisiya səyahəti" tədbiri təşkil olunub.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında keçirilmiş tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarı və BFB-nin listinqin üstünlükləri barədə məlumatlandırılıb. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar keçirilib, kapital bazarlarından yararlanmaq istiqamətində qarşılıqlı interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir təşkilatçılığına üzv bazalarını məlumatlandırmaqla "Azərbaycan Mikromaliyyə Asossasiyası" İctimai Birliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlığın İnkişafı Fondu dəstək göstərib.
Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilib.
Bu, sayca 6-cı belə tədbirdir. Bundan əvvəl "İnvestisiya səyahəti" Xaçmaz, Lənkəran, Yevlax, Gəncə və Qəbələ şəhərlərinə təşkil olunub. Mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.