Maliyyə naziri: "Büdcədə fiskal dayanıqlılıq növbəti dövrlərdə də artırılacaq"
- 07 noyabr, 2025
- 11:27
Azərbaycanın dövlət büdcəsinin fiskal dayanıqlılığının artırılması məqsədilə növbəti dövrlərdə də addımlar atılacaq.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, büdcə paketi çərçivəsində əsas istiqamətlərdən biri məhz Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsidir: "Büdcədə ölkənin təhlükəsliyinin təmin olunması ən vacib istiqamətlərdən biri olaraq rəhbər tutulub. Əhalinin rifahı və sosial tədbirləri maliyyələşdirilməsi mühüm prinsiplərdən biridir".
Nazir qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində müvafiq maliyyə təminatı və resurs sərfi tam şəkildə nəzərə alınıb: "Dövlət büdcəsi iqtisadiyyatın inkişafı, davamlı kapital qoyuluşun təmin edilməsi, özəl sektorun daha da yaxşılaşdırılması üçün müvafiq təminatları özündə ehtiva edir. Büdcənin hazırlanmasında əsas parametrlərdən biri də neft gəlirlərindən asılılığın azaldılması və valyuta ehtiyaclarımızın qorunması prinsipi olub. Rəqəmlərdən də göründüyü kimi, artıq büdcə gəlirlərində qeyri-neft sektorunun payı ciddi şəkildə artır, Dövlət Neft Fondundan transfertlərimiz 2026-ci ildə ötən illə müqayisədə təqribən 1 milyard ABŞ dollarına yaxın azaldılır. Bu da bir daha bizim büdcəmizin fiskal dayanıqlılığının ən yaxşı göstəricilərindən biridir. İnanırıq ki, növbəti dövrdə biz məhz bu istiqamətdə növbəti addımlarımızı ata biləcəyik".