Sahil Babayev: “Büdcə gəlirlərinin proqnozunda böyük təsir neftin qiymətləri ilə bağlıdır”

Maliyyə
  • 27 may, 2025
  • 13:30
Sahil Babayev: “Büdcə gəlirlərinin proqnozunda böyük təsir neftin qiymətləri ilə bağlıdır”

Dövlət büdcəsinin gəlirlərinin proqnozunda böyük təsir neftin qiymətləri ilə bağlıdır.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, büdcənin proqnozlaşdırılması zamanı konservativ yanaşma ilə neftin qiymətləri müəyyən edilir: “İl ərzində icra zamanı neft qiymətləri daha yüksək olursa, bu, icmal və dövlət büdcəsinin gəlirlərinə təsir göstərir. İkinci seqment isə qeyri-neft gəlilərimizin proqnozlaşdırılması ilə əlaqədardır. Bu, ümumi ÜDM məbləğindən həddindən artıq asılıdır. Çünki qeyri-neft vergi gəlirləri proqnozu ÜDM-in nominal və real artım tempi üzərindən hesablanır. Biz bu müxtəliflikləri illər boyu görərək formulamızı təkmilləşdirmişik. 2025-ci ilin 4 ayının nəticələri göstərir ki, bizim gəlir proqnozumuz 99 % üst-üstə düşür. Yeni formulamızın son nəticəsini ilin sonunda biləcəyik”.

O qeyd edib ki, xərcin proqnozlaşdırılması isə tamamilə fərqli hesablanır: “Ötən il bu məsələdə çox böyük amil artan neft və gəlirlə ilə bağlı büdcəyə iyun ayında aparılan dürüstləşmə idi. Büdcə xərcləri iyun ayında artırıldığına görə o, xərclərin reallaşdırılması ilin son rübündə mümkün olub. Bunun mütləq əksəriyyəti əsaslı xərclər idi. Çünki satınalmalın həyata keçirilməsi, müqavilələrin imzalanması prosesi 3-4 ay çəkir. Əslində, bizim rüblər üzrə proqnozlaşmada kəskin fərqlər yoxdur”.

44 filmi