Maliyyə naziri: "Azərbaycan icmal büdcəsinin qeyri-neft baza kəsirini ilk dəfə 19 %-ə endirə bilib"

Maliyyə
  • 04 noyabr, 2025
  • 15:15
Maliyyə naziri: Azərbaycan icmal büdcəsinin qeyri-neft baza kəsirini ilk dəfə 19 %-ə endirə bilib
Sahil Babayev

Azərbaycanın uzun illər yüksək olan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətini gələn il ilk dəfə olaraq 19 %-ə endiriləcək.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın qeyri-neft baza kəsiri uzun illər ərzində 20 %-in üzərində olub, 2025-ci il üçün proqnoz 22,4 % idi: "Lakin 2026-cı ildə üçün ilk dəfə olaraq 19 %-ə endirmək mümkün olub".

O, bunu "çox ciddi və önəmli dinamikadır" kimi qiymətləndirib:

"Bu, hökumət üçün kifayət qədər böyük çağırışları özündə ehtiva edən çətin bir dinamika olsa da, biz bu istiqamətdə irəliləyirik. Ortamüddətli perspektivdə 2029-cu ilin sonuna icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 13 %-ə endirilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın sağlam, dayanıqlı və fiskal, makroiqtisadi və monetar baxımdan stabil maliyyə çərçivəsinə malik olmasını təmin edəcək".

S. Babayev qeyd edib ki, büdcənin sağlamlığı baxımından qeyri-neft gəlirlərinin payı artmaqda davam edir: "Gələn il 57 %-i qeyri-neft gəlirlərindən təmin ediləcək (cari ildə proqnoz 53-54 % idi). İcmal büdcədə bu göstərici 63 %-ə çatır və bu, Azərbaycanın tarixində ilk dəfədir ki, bu qədər xərclər qeyri-neft sektoru hesabına qarşılanır".

Nazir bildirib ki, ortamüddətli hədəf qeyri-neft gəlirlərinin 69 %-ə yüksəlməsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti