S&P: “Yaxın illərdə “Azər-Türk Bank”ın özəlləşdirilməsi gözlənilmir”
- 01 mart, 2023
- 14:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Səhmlərinin 75 %-i Azərbaycan dövlətinə məxsus olan “Azər-Türk Bank” ASC-nin (ATB) yaxın illərdə özəlləşdirilməsi gözlənilmir.
"Report" xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin reytinq qiymətləndirməsində deyilir.
"ATB-ni dövlətlə əlaqəli təşkilat (GRE) hesab edirik və güman edirik ki, lazım gələrsə, onun Azərbaycan hökumətindən vaxtında və kifayət qədər dəstək alması ehtimalı orta-yüksəkdir. Bununla belə, 2014-cü ildə sahibkarının dəyişməsindən sonra dövlətin bu banka dəstək verməsi ilə bağlı heç bir məlumat yoxdur, çünki ATB-nin təcili dəstəyə ehtiyacı olmayıb. Bankın Müşahidə Şurasının hər üç üzvü hökuməti təmsil edir.
Hesab edirik ki, bank Azərbaycanın digər kommersiya bankları kimi hüquqi və fiziki şəxslərdən ibarət eyni müştəri bazasına xidmət edən, heç bir xüsusi sosial rolu olmayan kiçik kommersiya bankı kimi hökumət üçün məhdud rola malikdir", - qiymətləndirmədə deyilir.
Agentlik hesab edir ki, ATB balansının 2018-ci ilin sonunda ümumi kreditlərin 12,6 %-i səviyyəsində pik həddə çatan, keçmişdən miras qalmış korporativ, problemli kreditlərdən silinməsi baxımından böyük tərəqqiyə nail olub. S&P 3-cü mərhələnin istehlak kreditlərinin 30 sentyabr 2022-ci il tarixinə olan 3 %-dən ümumi kreditlərin 6-7 %-nə, 3-cü mərhələ üzrə ümumi kreditlərin həcminin isə 2 %-dən 3,5-4 %-ə qədər artacağını gözləyir. Bu, agentliyin 3-cü mərhələnin 2023-cü il üzrə kredit portfeli ilə bağlı proqnozundan orta hesabla 6-8 % aşağı olaraq qalacaq.
"Hesab edirik ki, kredit keyfiyyətinin potensial pisləşməsi təminatsız istehlak kreditləşməsinin sürətli artımından qaynaqlana bilər. ATB-nin kredit portfeli 2022-ci ilin ilk 9 ayında 39 % artıb ki, bu da gözləntiləri üstələyib və sistem üzrə orta göstəricini iki dəfə ötüb (17 %). Bu güclü artım əsasən təminatsız istehlak kreditləri (2022-ci ildə təxminən 55 % artım) hesabına baş verib ki, bu da 30 sentyabr 2022-ci il tarixinə ümumi kreditlərin 42 %-ni təşkil edib.
ATB-nin növbəti il ərzində adekvat risk mövqeyini qoruyacağını gözləyirik. Bu, bankın yaxşı strukturlaşdırılmış risk idarəçiliyini əks etdirir: onun kredit portfelinin dövlət proqramı üzrə ipoteka kreditləşməsi və Azərbaycanda korporativ və KOS kreditləri ilə müqayisədə daha az riskli hesab etdiyimiz təminatsız istehlak kreditləri üzrə cəmləşməsi; istehlak kreditləşməsi mövsümünün başlaması ilə növbəti iki il ərzində aktivlərin keyfiyyətinin yalnız cüzi pisləşməsi ilə bağlı gözləntilərimiz", - "S&P Global Ratings" qeyd edib.
Agentlik hesab edir ki, güclü müxbir biznesi, genişlənən pərakəndə franşiza və dövlət mülkiyyəti ATB-nin orta səviyyəli biznes mövqeyini dəstəkləməyə davam edəcək.
30 sentyabr 2022-ci il tarixinə təxminən 821 milyon manat (483 milyon ABŞ dolları) həcmində ümumi aktivləri və təqribən 306 milyon manat (180 milyon ABŞ dolları) həcmində ümumi müştəri kreditləri ilə ATB-nin pərakəndə kreditlər və depozitlər üzrə bazar payı təxminən 2 % təşkil edib, kiçik və orta müəssisələr (KOB) portfeli isə çox kiçik olub.
“Onun rəqabətqabiliyyətli mövqeyi Azərbaycanın üç aparıcı bankından - Azərbaycan Beynəlxalq Bankı (reytinqsiz), “Pasha Bank” (B+/Sabit/B) və “Kapital Bank” ASC-dən (BB-/Sabit/B) xeyli aşağı olaraq qalmaqda davam edəcək. Belə ki, hər biri 7 milyard manatdan çox aktivə malik bu banklar bazardakı ümumi payın təxminən 55 %-nə sahibdir. Hesab edirik ki, dövlətin 75 %-lik paya sahib olması ATB-nin reputasiyasına, maliyyələşdirmə dəyərinə, pərakəndə depozitlərin sabitliyinə, müxbir əlaqələrinin artmasına və kreditlərə mənfi təsir göstərmədən biznesin inkişaf etdirilməsinə müsbət təsir göstərir. Bankın yeni ortamüddətli strategiya hazırlamasına baxmayaraq, biz onun pərakəndə biznesini genişləndirməkdə davam edəcəyini və əsas diqqəti müxbir əlaqələrinə yönəldəcəyini gözləyirik. Regiondakı qeyri-sabit vəziyyət isə ona bu seqmentdə güclü bazar mövqeyini saxlamağa kömək edəcək”, - S&P vurğulayır.