S&P: Azərbaycan banklarının kapital gəlirliliyi 2025-ci ildə 20 %-ə qədər artacaq

Maliyyə
  • 24 fevral, 2025
  • 16:52
S&P: Azərbaycan banklarının kapital gəlirliliyi 2025-ci ildə 20 %-ə qədər artacaq

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının kapital gəlirliliyinin (ROE) 2024-cü ildə 16 % təşkil etdiyini, 2025-2026-cı illərdə isə 20 %-ə yüksələcəyini proqnozlaşdırır.

Bu barədə “Report” agentliyə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanda problemli kreditlərin payı (Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə 3-cü mərhələ) 5-5,5 % səviyyəsində qalacaq. Bu, kredit portfelinin ümumi daxili məhsulun (ÜDM) aşağı artım tempinə uyğunlaşması ilə bağlıdır. Eyni zamanda, aşağı inflyasiya və əlverişli neft-qaz qiymətləri səbəbindən kredit xərclərinin 2025–2026-cı illərdə 1–1,2 % səviyyəsində sabit qalacağı gözlənilir.

“S&P Global” qeyd edir ki, Azərbaycanın bank sektoru əmtəə qiymətlərinin yüksək olması və kreditləşmənin artımı fonunda dayanıqlı inkişaf nümayiş etdirir. 2024-cü ildə kredit portfelinin 15 % artacağı proqnozlaşdırılır.

Risklərin idarə edilməsində müsbət dinamika 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi təşəbbüsləri ilə dəstəklənir. Bu tədbirlər tənzimləmə və nəzarətin beynəlxalq standartlara uyğunlaşdırılmasına, eləcə də bank sektorunda şəffaflığın və idarəetmənin keyfiyyətinin artırılmasına yönəlib.

“S&P Global”ın hesabatına əsasən, Azərbaycan bankları son yeddi il ərzində sabit fondlaşdırma profili nümayiş etdirərək depozit bazasının genişlənməsinə şərait yaradıblar. Depozitlərin dollarlaşması tədricən regional göstəricilərə yaxınlaşsa da, kreditlərin dollarlaşma səviyyəsi hələ də yüksək olaraq qalır. Bu isə bankların xarici valyutadakı aktiv və öhdəlikləri arasında valyuta balanssızlığı yaradır.

S&P hesab edir ki, sistem üzrə orta aktiv gəlirliliyi 2024-cü ildə 2 % təşkil edib, 2025-2026-cı illərdə isə 2,4 %-ə yüksələcək. Bank sektorunun orta gəlirli aktivləri üzrə xalis faiz gəliri 2024-cü ildə 5,4 %-ə çatıb, 2025-2026-cı illərdə isə 5,3 % səviyyəsində proqnozlaşdırılır.

Bundan əlavə, ölkənin ən böyük üç bankının bazar payının 2025-2026-cı illərdə 64 % səviyyəsində sabit qalacağı gözlənilir.

 

 

44 filmi