Rusiya yüksək riskli müəssisələrin rəqəmsal xəritəsini formalaşdırıb
- 01 iyul, 2026
- 12:57
Rusiyada dövlət büdcəsinin formalaşdırılması və icrası prosesində korrupsiya risklərinin qiymətləndirilməsi artıq audit prosedurlarının əsas tərkib hissələrindən birinə çevrilib.
"Report" xəbər verir ki, bunu Rusiya Hesablama Palatasının auditoru, Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Katibliyinin rəhbəri Svetlana Orlova Bakıda keçirilən həmin İşçi Qrupunun illik toplantısında bildirib.
Onun sözlərinə görə, Rusiya Hesablama Palatası artıq üç ildir ki, dövlət büdcəsini korrupsiya riskləri prizmasından analiz edir və müəyyənləşdirilən risklər barəsində nazirlik və dövlət strukturlarını öncədən xəbərdar edir:
"Biz büdcənin icrası və ya tərtibatından sonra müvafiq qurumlara məlumat veririk ki, hansı sahələrdə korrupsiya riskləri var və bu risklərin aradan qaldırılması məqsədilə hansı addımların atılacağını öyrənirik. Belə yanaşma büdcə vəsaitlərinin daha effektiv xərclənməsinə töhfə verir", - deyə S.Orlova vurğulayıb.
O bildrib ki, satınalmalar sahəsində korrupsiya risklərinin dəyərləndirilməsi məqsədilə xüsusi göstəricilər işlənib hazırlanıb və onların istifadəsi hər bir dövlət auditoru üçün zəruridir.
"Son vaxtlarda 29 ölkənin təmsilçilərinin qatılımı ilə korrupsiya risklərinin idarə edilməsi, satınalmaların rəqəmsallaşdırılması və rəqəmsal audit mövzularında təlim seminarları həyata keçirilib. Rusiyada yüksək riskli müəssisələrin rəqəmsal xəritəsi də yaradılıb ki, bu da istilik, su təchizatı, elektrik enerjisi və digər strateji istiqamətlərdə risklərin vaxtında təsbit olunmasına şərait yaradır", - İşçi Qrupunun Katibliyinin rəhbəri deyib.