Rəşid Əlimov: "İtki və Zərər Fondu iqlim problemlərinə effektiv cavab verməlidir"
- 14 mart, 2025
- 17:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tam fəaliyyətə başlayan İtki və Zərər Fondu (Loss and Damage Fund) iqlim problemlərinə effektiv cavab verməlidir.
“Report” xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi, Tacikistanın keçmiş xarici işlər naziri Rəşid Əlimov XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, İtki və Zərər Fondunun yaradılması ilə bağlı qərar Misirdə keçirilmiş COP27 zamanı qəbul edilib:
“Fondun əsas məqsədi iqlim dəyişikliyinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərməkdir. Lakin fondun uğurlu fəaliyyəti üçün kifayət qədər vəsait yatırılmalıdır. COP29 zamanı inkişaf etmiş ölkələr maliyyə öhdəlikləri qəbul etdilər, lakin bu, reallıqda öz əksini tapacaqmı? Çünki dünya sürətlə dəyişir və iqlim problemləri getdikcə daha da kəskinləşir. 2024-cü ildə iqlimlə bağlı itkilərin ümumi dəyəri 320 milyard ABŞ dollarına çatıb. Xüsusilə Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyinin təsirlərini daha ağır hiss edir”.
R. Əlimov əlavə edib ki, son illərdə Mərkəzi Asiyada buzlaqlar sürətlə əriyir: “Tacikistanda yerləşən 14 min buzlaqdan artıq hamısı əriyib. Bu, iqlim dəyişikliyinin yaratdığı ciddi problemlərin göstəricisidir”.
O, COP29-un uğurla təşkil olunduğunu və iqlim dəyişikliyi ilə mübarizədə yeni ümidlər və həll yolları təqdim etdiyini vurğulayıb.