"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5
- 27 noyabr, 2017
- 07:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 noyabr. REPORT.AZ/ Qlobal maliyyə bazarları üçün 27 noyabr-1 dekabr həftəsinin ən vacib qlobal iqtisadi xəbərləri ABŞ, avrozona, Çin və Avstriyada açıqlanacaq.
"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:
1) Noyabrın 28-də Bakı vaxtı ilə saat 18:45-də FED rəhbərliyinə namizəd Cerom Pauel (Jerome Powell) Senatın bank komitəsi qarşısında öz namizədliyini təsdiq etdirmək məqsədi ilə çıxış edəcək. Noyabrın 29-da isə FED-in hazırkı rəhbəri Canet Yellen (Jannet Yellen) Bakı vaxtı ilə saat 19:00-da Konqressin bank və maliyyə xidmətləri komitəsinin qarşısında iqtisadi vəziyyətlə bağlı çıxış edəcək. Ekspertlər Pauelin çıxışında monetar siyasət gözləntilərinin Yellenə nisbətən bir qədər yumşaq olacağını ehtimal edirlər;
2) Noyabrın 30-da ABŞ-da Bakı vaxtı ilə saat 16:30-da fiziki şəxlərin oktyabr ayı üzrə gəlir və xərcləri, inflyasiyanın gələcək istiqamətini müəyyənlişdirən istehlak xərcləri indeksinin baza göstəricisi açıqlanacaq. Noyabrın 29-da ABŞ-da III rüb üzrə ÜDM göstəricisinin son varianti açıqlanacaq. Ekspertlər son variantın bir qədər artaraq 3,2% olacağını ehtimal edirlər. Qeyd edək ki, ilkin variantda ÜDM-in III rübdə 3% artdığı bildirilir. Həmçinin, həftə ərzində istehsal sektorunda işgüzar fəallıq indeksi, yeni evlərin satışı, avtomobil satışı göstəriciləri açıqlanacaq. Prezident D.Tramp noyabrın 28-də Senatda öz partiyasının üzvləri ilə dekabrın 7-də səsverməyə çıxarılacaq vergi islahatları ilə bağlı qanun layihəsinə dəstək üçün görüş keçirəcək;
3) Noyabrın 30-da Bakı vaxtı ilə saat 14:00-da avrozonada noyabr ayının inflyasiya göstəricisi açıqlanacaq. Analitiklər illik göstəricinin 1,6%-ə yüksələcəyini proqnozlaşdırırlar. Qeyd edək ki, oktyabrda illik inflyasiya 1,4% olub;
4) Noyabrın 30-da Bakı vaxtı ilə saat 05:00-da Çində istehsal sektoru üzrə işgüzar fəallıq indeksi açıqlanacaq. Analitiklər göstəricinin oktyabrla (51,6 bənd) müqayisədə bir qədər geriləyərək 51,5 bəndə düşəcəyini proqnozlaşdırırlar. Xatırladaq ki, işgüzar fəallıq indeksi iqtisadi şəraiti əks etdirən əsas indikator kimi qəbul edilir. Əgər bu göstərici 50-dən aşağıdırsa, o zaman iqtisadi yavaşlama başlayır;
5) Noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada OPEC və ona üzv olmayan neft ölkələrinin sammiti baş tutacaq. Sammitdə 2018-ci il martın 31-də müddəti bitən cari anlaşmanın vaxtının uzadılması, mümkün hasilat həcminin bir qədər də azaldılması məsələləri müzakirə olunacaq. Analitiklər anlaşmanın daha 9 ay, yəni 2018-ci ilin sonuna qədər uzadılacağını düşünürlər.