“Qazprombank”: “Bu il Azərbaycanda iqtisadi artım 5,1 % ola bilər”
- 21 oktyabr, 2022
- 11:57
Yeniliklərdən dərhal xəbərdar olun!
“2022-ci ilin yekununda Azərbaycanda iqtisadi artım 5,1 % təşkil edə bilər. Bu da “Fitch” beynəlxalq reytinq agentliyinin proqnozundan (3,6 %) xeyli yüksəkdir”.
“Report” xəbər verir ki, bunu Rusiyanın “Qazprombank”ının Təhlil şöbəsinin müdir müavini, Bankın MDB ölkələri üzrə Baş iqtisadçısı Gülnarə Xaydarşina deyib.
“Fiskal stimullaşdırma, enerji resurslarının əlverişli qiymətləri və 2020-ci ilin noyabrından istifadəyə verilmiş Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə tədarükün artması sayəsində Azərbaycanın ötən il iqtisadi artımı 2020-ci ildə 4,3 %-lik azalmadan sonra 5,6 %-ə yüksələrək, gözləntilərimizi (+5,1%) və “Fitch”in proqnozlarını (+4,9%) üstələyib.
Bu ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatı illik hesablamada 5,6 % böyüyüb (ötən ilin eyni dövründə iqtisadi artım 4,8 % olub). Buna təkcə yüksək karbohidrogen qiymətləri deyil, həm də qeyri-neft sektorunda canlanma səbəb olub. Belə ki, qeyri-neft sektorunda artım 10,1 %-ə çatıb.
Qısamüddətli perspektivdə iqtisadi artıma neftin yüksək qiyməti, yeni TAP kəməri vasitəsilə Avropaya təbii qaz nəqlinin artırılması planlarının həyata keçirilməsi, qeyri-neft sektorunun bərpası və Qarabağda yeni layihələr dəstək verəcək. Eyni zamanda “OPEC+” ölkələrinin noyabrda hasilatı sutkada 2 milyon barel azaltmaq qərarı artımı ləngidəcək”, - deyə o, qeyd edib.
Ekspert həmçinin deyib ki, Azərbaycan neft və təbii qaz ixracatçısı kimi enerji resurslarının qiymətlərinin yüksək olmasının əsas benefisiarlarından biridir: “Üstəlik, ölkənin Avropa və Çin arasında strateji əhəmiyyətli coğrafi mövqeyi, inkişaf etmiş hava, dəmir yolları, boru kəməri və dəniz infrastrukturu Avrasiyada beynəlxalq təchizat zəncirlərinin davam edən restrukturizasiyası fonunda ölkəni yeni əsas logistika mərkəzinə çevirir. Bundan əlavə, Rusiyadan turist axınının artması və karantin məhdudiyyətlərinin olmaması fonunda Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda iqtisadi fəallığın bərpasını müşahidə edirik”.