Qarabağda hava limanları inşa edən şirkətin xalis mənfəəti 37 % artıb
- 08 sentyabr, 2023
- 10:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın aparıcı tikinti şirkəti “Azvirt” MMC 2022-ci ili 8,938 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 36,9 % çoxdur.
Ötən il “Azvirt”in tikintidən gəlirləri 573,09 milyon manat (1,8 % çox), maliyyə gəlirləri 238 min manat (27,3 % çox), əmlakın icarəsindən gəliri 209 min manat (əvvəlki il xərc olub), icarə gəlirləri 88 min manat (43,9 % az), digər gəlirləri 1,387 milyon manat (36,2 % az) təşkil edib.
Şirkətin tikinti xərcləri 514,672 milyon manat (0,3 % az), əsas və administrativ xərcləri 30,991 milyon manat (42,8 % çox), gözlənilən kredit itkisi üzrə xərcləri 1,291 milyon manat (5,9 dəfə az), qeyri-maliyyə aktivlərin dəyərsizləşməsi üzrə xərcləri 1,527 milyon manat (8,8 % az), maliyyə xərcləri 7,576 milyon manat (8,2 % az), xalis valyuta itkisi üzrə xərcləri 1,767 milyon manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri 7,687 milyon manat (78,7 % çox) və digər xərcləri 563 min manat (45 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azvirt”in aktivləri 385,364 milyon manat olub ki, bu da, illik müqayisədə 0,5 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 0,6 % azalaraq 326,264 milyon manata, balans kapitalı isə 0,1 % artaraq 59,1 milyon manata çatıb.
Xatırladaq ki, "Azvirt" 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın "Virtgen İnternational Gmbh" şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11 %, 40 % və 49 % bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib.
İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan "Azvirt" zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Kommersiya qurumu Azərbaycanla yanaşı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.
Onun nizamnamə kapitalı 128,7 min manatdır. "AzVirt" işğaldan azad edilmiş ərazilərdə inşa edilən Füzuli və Zəngilan Beynəlxlq Hava Limanlarını inşa edib. Hazırda Laçın Beynəlxalq Hava Limanının tikintisini həyata keçirir.