“PSG Finans” BOKT-un xalis mənfəəti artıb

Maliyyə
  • 06 iyun, 2023
  • 06:24
“PSG Finans” BOKT-un xalis mənfəəti artıb

“PSG Finans” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 5,467 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2021-ci illə müqayisədə 2,8 dəfə çoxdur.

Ötən il “PSG Finans”ın vergiyəqədərki mənfəəti 6,673 milyon manat (əvvəlki ilə nisbətən 2,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,207 milyon manat (2,8 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PSG Finans”ın aktivləri 19,873 milyon manat olub ki, bu da illik müqayisədə 35,4 % çoxdur. Bunun 18,817 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 59,1 % böyüyüb.

Hesabat dövründə “PSG Finans”ın öhdəlikləri 2,1 % artaraq 1,648 milyon manata, balans kapitalı isə 39,5 % artaraq 18,225 milyon manata çatıb.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla “Practical Solutions Middle East FZ” şirkəti, eləcə də hər biri 12,5%-lik payla Faiq Məmmədov və “Chaparxana KFT” şirkətidir.

“PSG Finans” “PSG” şirkətlər qrupuna daxildir. Bu holdinqdə həm də "PSG Kapial İnvestisiya Şirkəti" QSC təmsil olunur. Yeri gəlmişkən, BOKT-un təsisçisi olan F.Məmmədov həm də investisiya şirkətinin yeganə səhmdarıdır.