“PSG Finans” BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 03 iyun, 2024
  • 10:42
“PSG Finans” BOKT maliyyə vəziyyətini açıqlayıb

“PSG Finans” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 1,702 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2022-ci illə müqayisədə 79% çoxdur.

Ötən il “PSG Finans”ın vergiyəqədərki mənfəəti 2,138 milyon manat (əvvəlki ilə nisbətən 74,4 % çox), mənfəət vergisi ödəmələri isə 436 min manat (58,5 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PSG Finans”ın aktivləri 17,192 milyon manat olub ki, bu da illik müqayisədə 10,7 % çoxdur. Bunun 14,478 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 6,1 % böyüyüb.

Hesabat dövründə “PSG Finans”ın öhdəlikləri 5,1 % artaraq 1,914 milyon manata, balans kapitalı isə 11,4 % artaraq 15,278 milyon manata çatıb.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla “Practical Solutions Middle East FZ” şirkəti, eləcə də hər biri 12,5%-lik payla Faiq Məmmədov və “Chaparxana KFT” şirkətidir.

“PSG Finans” “PSG” şirkətlər qrupuna daxildir. Bu holdinqdə həm də "PSG Kapial İnvestisiya Şirkəti" QSC təmsil olunur. Yeri gəlmişkən, BOKT-un təsisçisi olan F.Məmmədov həm də investisiya şirkətinin yeganə səhmdarıdır.

44 - Tezliklə