Prezident İcbari tibbi sığorta fondunun gələnilki büdcəsini təsdiq edib

Maliyyə
  • 27 dekabr, 2023
  • 07:12
Prezident İcbari tibbi sığorta fondunun gələnilki büdcəsini təsdiq edib
İlham Əliyev

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib.

"Report" xəbər verir ki, gələn il üçün Fondun gəlirləri və xərcləri bu illə müqayisədə 17,5 % çox - 2 811,4 milyon manat məbləğində təsdiq olunub.

2024-cü ildə Fondun gəlirlərinin 1 376 milyon manatı dövlət büdcəsindən ayırmalar (2023-cü ilə nisbətən 8,9 % çox), 815,1 milyon manatı işəgötürən və işçilərin icbari tibbi sığorta üzrə ödədiyi sığorta haqları (6,6 % çox), 15 milyon manatı fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmalar (19,05 % çox), 122,8 milyon manatı avtomobil benzininin, dizel yanacağının, maye qazın ölkə ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmalar (0,4 % çox), 32,6 milyon manatı digər daxilolmalar (2,35 dəfə çox), 450 milyon manatı isə əvvəlki illərdə icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləğ (2,1 dəfə çox) hesabına formalaşacaq.

Gələn il Fondun xərclərinin 32,5 milyon manatını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərcləri (3,2 % çox), 79,3 milyon manatını Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərcləri (11 % çox), 46,6 milyon manatını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin saxlanılması xərcləri (55,3 % çox), 2 503 milyon manatını icbari tibbi sığorta ödənişləri və dotasiya (33,6 % çox), 55 milyon manatını sair xərclər (37,5 % çox), 88,9 milyon manatını sığorta ehtiyatlarına ayırmalar (8,5 % çox), 6 milyon manatını yeni növ koronavirus (COVID–19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri (35,35 % az), 0,1 milyon manatını isə bank xərcləri (dəyişməyib) təşkil edəcək.