“Premium Bank”ın xalis mənfəəti 2 dəfə azalıb
- 26 yanvar, 2022
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
“Premium Bank” ASC 2021-ci ili 1,935 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 51,2% və yaxud 2 dəfə azdır.
Ötən il “Premium Bank”ın gəlirləri 47,112 milyon manat (əvvəlki illə müqayisədə 3,5% az), xərcləri 47,826 milyon manat (3,4% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 5,147 milyon manat (82% çox), mənfəət vergisi ödəmələri 2,496 milyon manat (72,1% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Premium Bank”ın aktivləri 760,339 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,4% çoxdur. Bunun 504,582 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 10,6% kiçilib.
Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 21,5% artaraq 574,4 milyon manata, o cümlədən depozit portfeli 20,2% artaraq 518,36 milyon manata, balans kapitalı isə 3% artaraq 185,939 milyon manata çatıb.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46% payla Zərifə Həmzəyeva, 15,22% payla "VIP Aviation Services" MMC və 0,32% payla Elvira Əhmədovadır.